Müsahibə  

Bu əlaməti olan 12 qadından yalnız birinə xərçəng diaqnozu qoyulur - Onkoloq AÇIQLAYIB

Bu əlaməti olan 12 qadından yalnız birinə xərçəng diaqnozu qoyulur - Onkoloq AÇIQLAYIB


“Qadınların əksəriyyətinin həyatının müəyyən dövrlərində süd vəzi giləsindən axıntı gəlir. Süd vəzindən axıntının gəlməsi müəyyən hallarda təbii proses (laktasiya-süd əmizdirmə) olmaqla yanaşı, bəzi hallarda isə xəstəliklərlə əlaqəlidir. Süd vəzi axıntılarının yaş artdıqca patoloji proseslə əlaqədar olması ehtimalı artdığına görə axıntıların hər birinin araşdırılması vacibdir. Təəssüf, heç də hər kəs buna görə həkimə müraciət etmir”.

Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının həkim-onkoloqu, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova ATU mətbuat xidmətinə müsahibəsində deyib.

e-tibb.az “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində maarifləndirmə məqsədilə hazırlanan müsahibəni təqdim edir:

- Süd vəzi axıntılarının əsas və ən çox rast gəlinən səbəbi hormonal problemlərdir. Qadınların fizioloji və bioloji quruluşu kişilərlə müqayisədə çox mürəkkəbdir. Bunun səbəbi çoxalma sistemi, hamiləlik dövrü, hər ay dəyişən və təkrarlanan menstrual tsikldir. Bütün bu prosesləri hormonal sistemin tənzimlədiyindən, hormonlardakı hər hansı dəyişiklik bir çox problemlərə yol açır. Hormonal problem tüklənmə, çəki artımı, menstruasiya pozuntuları ilə yanaşı, süd vəzindən axıntının gəlməsinə də səbəb olur.

Süd vəzinin fibrokistik xəstəliyi (mastopatiya), travmalar, vəzin özündə, yaxud giləsindəki çatlardan qaynaqlanan infeksiyalar süd vəzindən axıntıların gəlməsinə səbəb ola bilər.

Süd vəzidən axıntının gəlməsinin digər səbəbi beyində hipofiz vəzinin adenomasıdır. Burda hazırlanan prolaktin hormonu hər iki süd vəzindən ifrazatın gəlməsinə səbəb olur. Bəzi dərmanların qəbulu da süd vəzindən axıntıya yol açır. Məsələn antidepressantlar, diazepamlar, opioidlər bu dərmanlardan bəziləridir. Bunlarla yanaşı, hamiləlikdən qorunmaq üçün istifadə edilən dərmanlar, bəzi təzyiq dərmanları da bu əlamətin yaranmasına gətirib çıxarır.

- Bəs hansı hallarda axıntı zamanı süd vəzinin xərçəngindən ehtiyatlanmağa dəyər?

- Yuxarıda sadalanan səbəblərlə yanaşı, 10% hallarda axardaxili papilloma və ya süd vəzi xərçəngi axıntıya səbəb olur. Süd vəzi axarının daxilində papilloma əmələ gələn zaman süd vəzindən maye gəlməyə başlayır. Süd vəzi giləsini sıxmadan, özbaşına gələn, bir süd vəzindən, bir süd kanalından qanlı, bəyaz ifrazatın gəlməsi süd vəzi xərçənginin göstəricisi ola bilər. Bu cür axıntı olan hər 12 qadından birində süd vəzi xərçəngi aşkar edilir.

- Deməli, belə halların heç də hamısı xərçəngin olması demək deyil?

- Əlbəttə, süd vəzindən gələn ifrazatın qiymətləndirilməsi və diaqnozun qoyulmasında bunlara da diqqət yetirilir: axıntının rəngi, axıntının bir süd vəzindən, yoxsa hər ikisindən gəlməsi; axıntının miqdarı; süd vəzinin dərisində dəyişikliyin olub-olmaması; süd vəzində törəmənin olması, yaxud quruluşunun dəyişməsi; süd vəzindən axıntı gələn dövrdə qadında hormonal dəyişiklərin yaranıb-yaranmaması və s. bütün bu və digər amillər diaqnozun qoyulmasında vacib əhəmiyyət daşıyır.

Axıntıları klinik əlamətlərinə görə iki qrupa ayırmaq olar - fizioloji və patoloji. Fizioloji axıntılar əsasən xoşxassəli səbəblərdən yaranır. Əksər hallarda süd vəzinin giləsini sıxan zaman ifraz olunur. Rəngi bəyaz süd rəngindən sarı, qəhvəyi, yaşıl və qaraya qədər dəyişiklik göstərə bilir. Patoloji süd vəzi axıntıları isə əsasən bir süd vəzinin tək kanalından və giləni sıxmadan özbaşına gələn axıntılardır. Rəngi daha çox qanlı və ya su kimi şəffaf olur.

Süd vermə və süd vermədən sonrakı dövrlərdə axıntının olması normaldır. Bu dövrlərdə süd vəzində və dərisində şikayətlər yoxdursa, narahat olmağa səbəb yoxdur. Lakin süd vəzinin dərisində deformasiya, süd vəzində kütləyə rast gəlinirsə, axıntının miqdarı çoxdursa, mütləq mammoloqa müraciət etmək lazımdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi süd vəzində axıntı görülən hər 12 qadından birinə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu səbəblə erkən diaqnoz baxımından vaxtında həkimə müraciət etmək vacibdir.

- Bu hallarda düzgün diaqnoz qoyulması üçün hansı üsullarla müalicə aparılır?

- Süd vəzində axıntı olan xanımlar mammoloqa müraciət edən zaman ilk öncə ətraflı anamnez toplanır. Xəstələrə ultrasəs müayinəsi, 35 yaşdan yuxarı xanımlara həm də mammoqrafiya aparılır. Süd axarlarının daxilindəki prosesi daha dəqiq müəyyən etmək üçün duktoqrafiya, müəyyən hallarda MRT müayinəsi icra edilir. Bu müayinələrlə yanaşı onlardan daha vacib müayinə axıntının morfoloji müayinəsidir.

Süd vəzindən gələn axıntıların müalicəsi prosesin hansı səbəbdən əmələ gəlməsi ilə sıx əlaqədardır. Əksər hallarda müalicə konservativ üsullarla, yəni dərmanla aparılır. Lakin axardaxili papillomaların müalicəsi prosesin sonradan xərçəngə keçməsinin əngəllənməsi baxımından, yalnız cərrahi yolla aparılır.

Medproinfo