Qeydiyyat
Müsahibə  

COVİD-19 və uşaqlar

COVİD-19 və uşaqlar

Dünya ekspertlərinin fikrinə görə, uşaqlarda xəstəliyin ağır formalarının inkişaf riski daha azdır. Amma buna baxmayaraq, uşaqlarda da, COVID-19-un ciddi ağır hallarına rast gəlinir. Anaları ən çox narahat edən suallarla bağlı MedProİnfo.com-a verdiyi müsahibəsində həkim-pediatr Güleyşə Xəlilova  ətraflı  məlumat və məsləhətlərini verdi.

- Güleyşə xanım, Sizi aramızda görməyə çox şadıq. İlk sualımızı pandemiyanın uşaqlara nə dərəcədə təsir etdiyi barədə vermək istərdik.
- Təşəkkür edirəm. Məndə sizi və oxucularımızı salamlayıram. Bildiyimiz kimi 2019-cu ilin dekabr ayında ilk dəfə Çində aşkarlanan, ardınca isə bütün dünyaya sürətlə yayılan COVİD-19 virus səbəbi ilə 2020 -ci ilin mart ayında ÜST dünyada Pandemiya vəziyyəti elan etdi.
Pandemiyanın başlanğıcında uşaqlar arasında bu infeksiya demək olar ki, nadir hallarda rastlanırdı. Xəstəliyin klinik gedişi simptomsuz və ya yüngül əlamətlərlə oldu. Belə ki, uşaqlarda çox da yüksək olmayan temperatur, öskürmə, halsızlıq, iştahsızlıq, ishal, qarın ağrısı və nadir hallarda dəridə səpgi kimi əlamətlərlə özünü biruzə verirdi. Pandemiya səbəbi ilə sərt karantin rejimi elan olundu. Və uşaqlar havasız mühitdə çox vaxt kecirdirlər, yayda dəniz, qum, günəş şüasından faydalana bilmədilər, peyvənd dönəmindəki uşaqlar karantinlə əlaqəli peyvəndsiz qaldı və bəzi valideyinlərin “yay aylarında vitamin D kəsilməlidir” fikri ilə ilk 2 yaş uşaqlarda verilməli olan profilaktik dozadakı Vitamin D verilmədiyi üçün immun defisit halları yarandı. Nəticədə isə ikinci dalğa dönəmində uşaqlarda həssaslıq artdı, immunitet zəiflədiyi və böyüklər arasında da xəstəlik tezliyi artdığı üçün uşaqlarda yoluxma halları xeyli çoxaldı. Bəzi uşaqlarda isə nisbətən ağır gedişli olduğu müşahidə edildi.

Sizcə uşaqlar arasında nisbətən COVİD-19-un az rast gəlinməsi və yüngül keçməsi nə ilə əlaqəlidir?
-  Əvvəl elə düşünürdük ki, uşaqlar arasında virusun geniş yayılmaması COVİD-19 üçün xarakter olan SARS-CoV-2 reseptorunun az olması ilə əlaqəlidir. Ancaq elmi subutla bu nəzəriyyə təsdiqini tapmadı. 
Fikrimcə uşaqlarda nisbətən yüngül gedişli olması onlardakı hüceyrə immunitetinin yaxşı inkisaf etməsi ilə əlaqəlidir. Belə ki, uşaqlarda həm anadangəlmə immunitet, həm peyvəndləmə zamanı yaranan immunitet, həm də uşaq yoluxucu infeksiyalarına tez-tez yoluxma halları olduğu üçün onlarda T və B limfositlər daima aktiv halda olub, gələ biləcək hər yeni infeksiyaya qarşı sürətli reaksiya verməyə uyğunlaşıb. Amma böyüklərdə istər həyat şəraiti, istər qidalanmadakı yanlışlıqlar, istərsə də sonradan yaranan immunitetin (xüsusilə də 65+ insanlarda) zəifləmiş olması onları bu virusa qarşı daha həssas edir.

Doktor, bəs ana südü verən xəstəliyə yoluxmuş analara nə məsləhət verərdiniz?
- Fürsətdən istifadə edərək onu da qeyd etmək istəyirəm ki,  Amerika Pediatriya Akademiyasının 2020-ci ilin iyul ayında apardığı təcrübəyə əsasən müəyyən olunmuşdur ki, ana südündən uşağa canlı COVİD-19 virusu keçmir. Əksinə bu virusa yoluxmuş ananın südündə COVİD-19 virusuna qarşı immunoglobilin A (İgA) tapılmışdır. Bu isə öz növbəsində uşaqlarda olan ağırlaşma və yoluxma riskinin qarşısını alır. Buna görə də COVİD-19-lu ananın övladında gigiyena qaydalarına uyaraq süd verməsində heç bir problem yoxdur. Belə ki, ana əmizdirməzdən əvvəl və sonra 20 saniyə boyunca əllərini sabun və su ilə yumalı, uşağa mümkün qədər toxunmamalı və ikiqat maska taxaraq əmizdirə bilər. Və ya südünü sağıb başqası içirdə bilər. Əmizdirmə  zamanları xaricində  isə uşağın anayla ayrı – ayrı otaqlarda qalması daha məqsədəuyğundur.

Doktor, belə bir sual da yaranır ki, bəs  praktikada yenidoğulmuşda da COVİD-19-un pozitiv olması hallarına rast gəlinib?
- Bəli, amma müəyyən olunub ki, bu virus anadan dölə keçə bilmir. Yenidoğulmuşun yoluxması isə böyük ehtimal ki, doğumdan sonra təmas vasitəsilə olub.

Bəs əgər ana xəstəliyi ilə bağlı dərman preparatı qəbul edirsə, onda analara nə məsləhət görərdiniz?- Onu da qeyd edim ki, əgər ananın vəziyyəti ağırdırsa və bir sıra spesifik olan preparatlar qəbul edirsə, həmin preparatların südə keçə bilməsi ehtimalını nəzərə alaraq südverməni müvəqqəti olaraq dayandırmalıyıq. 

- Və son olaraq uşaqlarda müalicə hansı istiqamətdə aparılır?
- Uşaqlarda bu virusun müalicəsi çox vaxt əlamətlərə görə, immunitetin dəstəklənməi istiqamətinə yönəlmişdir. Amma risk qrupunda olan uşaqlarda (müxtəlif sindromlu, immun defisit xəstəlikləri olan, bronxial astmalı və s. ) əlamətlərdən hansısa aşkarlandıqda, xüsusilə də tənəffüs sistemində çətinlik, nəbz sayının yaşa uyğun olmaması hallarında mütləqdir ki, uşaq həkim nəzarətində olsun.

Güleyşə Xəlilova

DİGƏR MƏQALƏLƏR