Qeydiyyat
Müsahibə  

Zamanı qabaqlamaq

Zamanı qabaqlamaq

8000-dən çox Cənubi Qafqaz və yaxın ölkələrin səhiyyə işçilərini bir araya toplayan, MEDPROİNFO- tıbb mütəxəssisləri üçün ən böyük professional tibbi məlumat platformudur.

MEDPROİNFO səhiyyə işçiləri üçün ən vacib məsələləri özündə cəmlədi ki, onlar vaxtlarına qənaət etməklə yanaşı, daha da produktiv nəticələrə imzalar atsın. MedProİnfo-nu izləyən hər bir səhiyyə işçisi ən son tibbi xəbərlərdən məlumatlı olur, yerli və beynəlxalq konfransları izləyə bilir və hətta qatıla bilər, MedProİnfo-ya təmənnasız öz təcrübələrinə əsaslan mövzular üzrə video, məqalə və müsahibələr verə billər. MedProinfo hər həftə çox maraqlı mövzular üzrə həkimlərdən müsahibələr alır. Bu dəfəki müsahibəsində isə portalımızın təsisçisi PHD. Dr. Aygün Şükürova ilə Medproinfo layihəsi, layihənin görünən və görünməyən tərəfləri və gələcək planlar üzrə söhbət açdıq.

- Salam, Aygün xanım. İlk öncə MedProİnfo Global Tibb Portalının yaranma tarixçəsi barədə və necə oldu ki, öz portalınızı açmaq qərarına gəldiniz?

- Mən də öz növbəmdə sizi və bütün oxucularımızı salamlayıram. Portalın yaranmasına gəldikdə, 3 il öncə onlayn həkim informasiya portalını yaradarkən əsl məqsədim, həm həkimlərin həmkarları ilə, həm də xəstələrlə daha asan və sürətli formada ünsiyyət qura bilməsi üçün yeni bir platformanın əsasını qoymaq idi. Günü-gündən inkişaf edən dünya ilə ayaqlaşmaq üçün, ölkəmizdə belə bir layihəyə ehtiyac olduğunu düşünürdüm. Digər məqsədim isə, dil və coğrafi mövqe imkanlarından istifadə edərək qonşu dövlətlərin bu sahədə vətənimizə marağını artırmaq, onların ölkəmizdə bir ortaq məqsəd uğrunda birləşməsinə nail olmaq idi. Bu məsuliyyətli yolda məni gözləyən çətinlikləri az da olsa təxmin edə bilirdim amma öncədən həmin yola işıqlar düzməyi, ümidlərimlə yolumu aydınlatmağı unutmamışdım!

- Aygün xanım, Sizcə zamanı qabaqlamaq olurmu?
- Bəzən bir işə başlamadan öncə əsas hədəfin bu ana qədər heç kəsin risk etmədiyi yenilikləri bacarmaq, uğurlarını gün keçdikcə ikiyə qatlamaq və seçilmək olur. Sən fərqində olmasanda, əslində daxilində tüğyan edən bu hiss, zamanı qabaqlamaq istəyindən başqa birşey ola bilməz. Gələcəyin tələbini çox öncədən qavramaq və analiz etmək, instinktlərinə güvənərək hərəkət etmək, həmçinin addımlarını dövrün reallıqlarından xeyli uzağa doğru çevirmək, sadaladıqda sizə görə qorxulu və həddindən artıq cəsarətli səslənə bilər. Lakin zamanı gəlib çatdığında uzun illər boyu toxumlarını cücərtdiyiniz fikirlərin çiçəklənən dövranın böyük bir parçasına çevrilməsini seyr edərkən, əsərinizlə daha çox fəxr edirsiniz.


- Evdə qaldığımız bu dönəmdə bir çox istiqamətlərdə durğunluqlar yarandı. Demək olar ki, hər bir kəsin illik qarşısına qoyduğu planlarda dəyişikliklər baş verdi. Lakin MedProİnfo bu periodda belə səhiyyə işçilərini geridə qalmağa qoymadı, əksinə deyərdim ki, bir addım qabağa atdı. Bu barədə fikirləri Sizdən almaq istərdik.
- Bəli, tamamilə doğrudur. Gözləmədiyimiz anda dünyamızı öz ağuşuna alan Covid-19 virusu gələcəyi bizə daha tez zamanda yaxınlaşdırdı. Buna görə də, mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn vebinarların, onlayn kursların və bunun kimi istənilən tədbirlərin təşkili zəruriyyəti yarandı. Məhz, beləliklə bu portal planlarımız üçün əvəzolunmaz məkana çevrildi. Nəzərə alsaq ki, son zamanlar səmimiyyətin təmannasız, dinamikanın yüksək və ünsiyyətin sərhədsiz olduğu dövürdür, həkimlərimiz həmkarlarına və pasiyentlərinə əlçatmaz olmalı deyillər. İnternetin həyatımızın böyük bir parçası olduğu günlərdə, ondan işlərimizi daha produktiv etmək üçün istifadə etməliyik. Əminəm ki, bunu anlayan hər kəs bir neçə addım öndə olacaq.

- Onlayn konfransların (vebinar) üstünlükləri nədədir?
- Onlayn konfransların faydaları çox böyükdür. Təcrübələrimiz göstərir ki, onların effektivliyi oflayn keçirilən konfransların effektivliyinə demək olar ki, bərabərdir. Bu həm konfrans təşkilatçıları üçün, həm iştirakçılar üçün çox effektiv və sərfəlidir. Bu vəziyyətdə təşkilatçılar konfrans üçün yer tapmaq, iştirakçıların konfransda iştirakı və komfortlu qalmaları üçün otel təşkili və digər məsələlərdən tamamilə azaddırlar. Onlardan tələb olunan ancaq maraqlı mövzu hazırlamaq, spikerləri dəvət etmək, texniki məsələləri həll etməkdir ki, bütün bu məsələləri (sinxron tərcümə, konfransa qeydiyyat, tezislərin qəbulu və s.) MedProİnfo professional səviyyədə təşkil edir. Həmçinin iştirakçlar da oflayn konfranslarla müqayisədə büdcələrinə qənayət edirlər. Belə ki, səyahət xərcləri (viza, bilet), otel xərclərindən tam azad olurlar. Bu isə konfrans təşkilatçılarına kompyuterin, mobil telefonun və internetin olduğu dünyanın istənilən yerindən geniş bir auditoriya əldə etməsinə imkan verir.
- Portalın növbəti inkişafı üçün hansı planlar gözlənilir?
- Hazırda çoxlu sayda Beynəlxalq konfrans təşkilatçıları ilə partnyorluq edirik. Planlarımızdan biri yaxın zamanlarda onlayn Beynəlxalq konfranslar təşkil etməkdir. Yuxarıda sadaladıqlarıma əlavə olaraq da qeyd edə bilərəm ki, indi hətta onlayn müayinə və konsultasiya haqqında fikirləşmək, bu sistemin ölkəmizə qüsursüz tətbiqi üçün şəraitin yaradılması barədə düşünmək zamanıdır. Klinika rəhbərləri də bu haqda mütləq olaraq məlumatlandırılmadır, onlar da dövrün tələbi ilə yaxından tanış olmalıdırlar. Unutmamalıyıq, ünsiyyət nə qədər asan olsa, bir o qədər çox insana xitab etmiş olarıq!

- Son olaraq hansı çətinliklərlə rastlaşırsınız və həkim həmkarlarınıza nə demək istərdiniz?

- Portal yaratmaq fikri barədə illərdir düşünürdüm. Bütün həkimlərin rahat ünssiyyət qura biləcəyi, bir-birlərini nəyinsə qarşılığında yox, sırf professional biliklərinə görə də tapa biləcəkləri, öz bacarıq və biliklərini ödənişsiz paylaşacaqları, həm də ən əsası gündəlik oxuyacaqları yeni tibbi xəbərlərdən ibarət onlayn formatda bir platforma irəli sürmək idi.
3 ildir davamlı olaraq çalışırıq , cox kiçik ideyadan başladıq hal hazirda ölkənin və bölgənin ən güvənilən portalına çevrilirik .
Doğru ideya ətrafına doğru insanların toplanması məni ancaq sevindirir, sovet idiologiyası və ego yüksəkliyi olan bir toplumda yeniliklərlə fəaliyyət göstərmək bir az çətindir, lakin mümkündür. Həkim həmkarlarımızı portalımıza üzv olmağa və bizimlə yeni üfüqlər açmağa dəvət edirəm. Nə qədər çox birlik olsa, o qədər çox güclü olarıq!

Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR