HƏR ŞEY MÜMKÜNDÜR

Hər şey mümkündür

Hər şey beyində başlayir. Beynimiz əhvalımızı, emosiyalarımızı, təfəkkürümüzü, hər hərəkətimizi, fiziki aktivliyimizi həmçinin də çəkimizi idarə edir. Hisslərimizi idarə etməyi öyrəndiyimiz kimi çəkimizi də idarə etməyi öyrənə bilərik. Bunu şəxsi təcrubəmə əsaslanaraq tam əminliklə deyirəm. 9 il əvvəl mən piylənmədən əziyyət çəkirdim, və mümkün bildiyim bütün yolları sınaqdan keçirib ümüdümü itirmişdim. Bir gün qərar verdim ki, bədənim beynimi yox, beynim bədənimi idarə edəcək və çəkimin neçə kiloqram olacağına mən qərar verəcəm.

İlk növbədə araşdırma apardım və gördüm ki, ilk yol mədə rezeksiyasıdır. Əgər piylənmənin kökləri beyində başlayırsa, niyə biz bədənimizin hissələrini kəsməliyik? Bu heç də saglam yol deyil! Mədə kəsildikdən sonra insan yeyə bilmədiyi üçün arıqlayırsa, onda mədəsi saglam qalaraq da az yeyib ariqlaya bilər.

İkinci yol arıqlama dərmanlarıdır, bu yolla sağlam arıqlamaq qeyri-mümkündur. Bu tip dərmanlar mərkəzi sinir sisteminə selektiv olaraq təsir etmədiyi üçün əlavə təsirləri qaçınılmazdır. Dərmanlar əsasən seratoninergik sistemə təsir edir və bu da o deməkdir ki, insanin əhval-ruhiyyəsi, ruhi sağlamlığı pozulur.

Qeyd etsək ki,  bir çox insan hormonal sistemin xəstəliklərindən kilo alır, o zaman arıqlama dərmanlarinin bədəndə yaratdığı fəsadların daha qorxunc olduğunu görərik. Burada bir məqam da var ki, bəzi insanlar hormonal olaraq kökəldiklərini deyir və bununla mübarizədən öncədən məglub çıxırlar. Mən Haşimoto xəstəliyi ilə mübarızə edərək istədiyim çəkiyə gəlmişəm.

Bu iki yola aid ümumi pis cəhət də odur ki, bu yollarla arıqlayanlar çəkilərini saxlaya bilməyib 1-2 il ərzində yenə də kilo alırlar. Reklamlarda istifadə olunan insanları araşdırsaz bunu görəcəksiz. Mədə rezeksiyasi etdirib bir neçə il sonra da arıq qala bilən insan demək olar ki, yoxdur.
Bunlardan belə nəticəyə gəlmək olar ki, sağlam çəki itirmək və ən əsası geri almamaq üçün daha sağlam və effektiv yol sağlam qida və fiziki aktivlikdir. Zənnimcə 80% qidanin və 20% fiziki aktivliyin rolu vardır. Saglam çəki itirmək üçün gundə 5-6 dəfə qidalanmaq, gün ərzində 1 saat fiziki aktiv olmaq və çəkidən asılı olaraq gündə 2 litr su qəbul etmək lazımdır. Şəkər qəbulu minimuma endirilməlidir, bu da meyvənin tərkibindəki şəkər ilə məhdudlaşdırılmalıdır.

Sağlam qida haqda araşdırmalar coxdur, ümumi nəticəyə gələrək bunu qeyd edə bilərəm ki, karbohidrat qəbulu günün ilk saatlarında olmalıdır, axşamlar daha çox zülal və tərəvəz qəbul edilməlidir. Gün ərzində çərəz əvəzinə meyvə qəbul edin. Qovrulmamış çərəzlər qəbul edə bilərsiz, amma miqdarına diqqət edin.

Bir qədər uzun yol olsa da ən sağlam və qalıcı üsul budur. Bu yolla 5 il ərzində 43 koloqram çəki itirib və bu çəkini hələ də saxlayaraq özum üçun yol seçmişəm. Nə danışdıgımıza, hərəkətlərimizə, seçimlərimizə, qərarlarımıza nəzarəti beynimiz edirsə, çəkimizə nəzarəti niyə bacarmayaq?

Aidə Mirzəyeva