MEDXƏBƏR

Uşaqları istidən, Günəşdən, soyuqdan qorumaq lazımdır – Baş pediatrdan ÇAĞIRIŞ

 Uşaqları istidən, Günəşdən, soyuqdan qorumaq lazımdır – Baş pediatrdan ÇAĞIRIŞ

“Yeni doğulmuş dövrdən başlayaraq Günəş işığı uşaqların sağlamlığı üçün müstəsna əhəmiyyət kəsb edir. Ancaq bunun üçün müəyyən qaydalara riayət etmək lazımdır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Baş pediatr bildirib ki, ilk növbədə uşaqları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır: "Bundan əlavə çimərlik mövsümündə vaxta və rejimə diqqət olunmalıdır. Dövlət tərəfindən icazə verilən çimərliklərə getmək lazımdır. Əgər çimərlikdən istifadə qadağandırsa, hər kəs bilməlidir ki, elə çimərliklər uşaqlar üçün dəhşətli şəkildə təhlükəlidir. Söhbət təkcə çimərliyin ətrafındakı zir-zibildən getmir, o ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsi də yüksək olur. Belə hallarda uşaqlar arasında xəstəliklər yayıla bilər".

N.Quliyev deyib ki, uşaqları dənizə səhər saat 6-dan 11-ə qədər və axşam 4-dən sonra aparmaq lazımdır: "Uşaqlar mütləq valideynlərin nəzarəti altında çimməlidirlər. Onu da nəzərə çatdırım ki, çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər".