Qeydiyyat
MEDXƏBƏR

Böyrəkköçürmə əməliyyatlarının sayı artıb

Böyrəkköçürmə əməliyyatlarının sayı artıb
 
Azərbaycan Nefroloqlar Cəmiyyətinin II Milli Nefroloji Dializ və Transplantoloji beynəlxalq konqresi keçirilib.
APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Barat Yusubov son dövrlər Azərbaycanda digər sahələrdə olduğu kimi nefrologiya sahəsində də irəliləyişlər olduğunu bildirib.
Sonra çıxış edən Nefroloqlar Cəmiyyətinin Fəxri prezidenti Mehman Ağayev qeyd edib ki, 30-40 il əvvəl nefrologiya həm Azərbaycanda, həm də digər ölkələrdə yox kimi idi, indi isə bu sahə ən inkişaf etmiş elmlər sırasına daxil olub: "Bu illər ərzində mütəxəssislər hazırlanıb. Azərbaycanda ilk dəfə 1970-ci ildə hemodializ, 1971-ci ildə isə böyrək transplantasiyası həyata keçirilib".
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Anar İsrafilov bildirib ki, 2006-cı ildən bəri xroniki böyrək çatışmazlığına dair 3 Dövlət Proqramı həyata keçirilib: "Proqram nəticəsində ölkədə 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 600-dən çox süni böyrək aparatı var. Burada 4000 minə yaxın insan hemodaliz seansları və müvafiq dərman preparatları ilə təmin olunub. Proqrama əsasən, dövlət hesabına böyrək köçürmə əməliyyatı həyata keçirilir. Bu günə qədər 400-dən artıq belə əməliyyat olub. Böyrək köçürülən 1000-ə yaxın xəstəyə ümumi supressiv dərman preparatları dövlət hesabınadır".
Milli Onkologiya Mərkəzinin Baş həkimi Azad Kərimli də qeyd edib ki, Azərbaycanda dializin əsası, orqan köçürülməsi keçən əsrə təsadüf edir: "Sadəcə, bu illərdə lazımi şəraitin, tibbi avadanlığın olmaması səbəbindən bu sahələrin inkişafının qarşısı alınıb. İndi səhiyyədə gedən inkişafla əvvəlki dövr arasında yerlə göy qədər fərq var. Hazırda Azərbaycanda aparılan cərrahi əməliyyatlar dünyanın aparıcı tibb müəssisələrində keçirilən əməliyyatlara bərabər tutulur".
Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev isə deyib ki, əgər 5 il əvvəl Azərbaycanda 89 böyrək köçürmə əməliyyata aparılmışdısa, son 5 ildə belə əməliyyatların sayı 500-ə yaxındır.
Onun sözlərinə görə, hər bir dializ alan xəstəyə böyrək köçürülməsı onun arzusudur, amma burada da bəzi nüanslar var: "Qanuna görə, böyrək orqanı verən insan mütləq ailə üzvlərindən kimsə olmalıdır. O böyrəklər də köçürülən xəstəyə uyğun gəlməlidir. İkinci səbəb odur ki, hər xəstəyə böyrək köçürmə uğurlu nəticələnməyə bilər. Buna görə də həkimlər bu sahədə düzgün və çox ciddi seçim aparırlar. Əməliyyatın aparılması deyil, sonrakı dövrdə xəstəyə yararlı olması qiymətləndirilməlidir. Ona görə də ehtiyacı olan xəstələr qeydiyyata alınır. Ailə üzvlərindən kiminsə donor olmaq üçün razılığı və orqanın xəstənin bədəninə uyğun gəlmə şansı varsa, böyrək köçülür".
F. Babayev qeyd edib ki, son dövrlər belə xəstələrdə artım var: "Artıq insanların maariflənməsi nəticəsində hətta ucqar rayonlarda olanlar da problemi bilib həkimlərə müraciət edirlər. Buna görə də belə xəstələrin sayında artım var".
Onun sözlərinə görə, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur. Bu say kişilərdə 57 faizdir: "Azərbaycanda da kişilərin ətraf mühitlə, həm işlə, həm fiziki təsirlərə məruz qalması müəyyən xəstəliklərə yoluxma ehtimalını artırır. Ətraf mühitlə çox təmas, soyuq olan yerlərdə çalışmaq da böyrək xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Böyrək çatışmazlığı yalnız böyrək xəstəlikləri nəticəsində yaranmır. Həmçinin şəkərli diabet, hipertoniya xəstəlikləri də böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsanlar daha çox stressə, gərginliyə məruz qaldığı hallarda bu xəstəliyin əmələgəlmə riski də artır".
Baş Nefroloqun sözlərinə görə, hemodializ bir xəstənin ömrünü uzatması üçün yaşam tərzidir: "Yəni insan aparata bağlıdır. Bu, yalnız insanın böyrəyinin deyil, qaraciyəri, beyni, ürəyinin aparatı nə dərəcə qəbul etməsindən asılıdır. Statistikaya görə, hər il belə xəstələrin 17-24 faizi arasında ölüm halları baş verir. Azərbaycanda bu göstərici 18 faizdir".