Qeydiyyat
Məqalə  

Afaziya

Afaziya

Bu məqaləmizdə müxtəlif travmalar nəticəsində yaranmış baş beyin zədələnmələrinə bağlı nitq qüsurları haqqında sizlərlə paylaşmaq istərdim .Bu ana bətnindəki dönəmdən istənilən yaş dönəmində üzləşə biləcəyimiz qüsurdur.

Afaziya- baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itirilməsi.

Dinamik afaziya - sözlərin təkrarında, isimləri adlandırmaqda, nitqi başa düşməkdə xəstə çətinlik çəkməsə də onda cümlələrlə danışmaq qabiliyyətinin pozulması ilə əlaqədardır.
*Dinamik afaziyanın iki formasını qeyd etmək olar:
+ bunların birində fikirlərin proqramlaşdırılması;
+ digərində isə onun qrammatik-sintaktik təşkili mexanizmi pozulur.
Efferent motor afaziya - nitqdə ayrı-ayrı sözlər saxlanılmaqla ifadənin qrammatik quruluşunun pozulması və bundan başqa onun motor sxeminin pozulması ilə xarakterizə olunur;
*Bu zaman xəstələr ayrı-ayrı səsləri tələffüz edə bildikləri halda, onları müəyyən ardıcıllıqla birləşdirə bilmirlər. Beləliklə, burada nitqin yaranma ardıcıllığı pozulur.
Afferent motor afaziya - nitq artikulyasiyasının aydınlıq dərəcəsinin pozulmasından ibarətdir. Xəstə ona lazım olan müvafiq səsi tapa bilmir və daim yaxın artikulyasıyası olan səsə istinad edir. Burada səsləri seçmək hissəsi pozulmuş olur.
Semantik afaziya - sözləri tapmaqdakı çətinliklərdə və sözlər arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü göstərir. Məsələn, xəstə, «ata» və «qardaş» sözlərini anladığı halda, «atanın qardaşı» ifadəsinin nədən ibarət olduğunu anlaya bilmir. Bu kimi hallarda sözlərin semantik sistemliliyinin, sözləri mənalarına görə seçmənin pozulması müşahidə edilir.
Senzor afaziya - hər şeydən əvvəl, nitqin qavranılması zamanı birinci növbədə fonematik eşitmənin pozulmasında, daha doğrusu, sözün səs tərkibi və mənası arasındakı qarşılıqlı əlaqənin pozulmasında özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuş olur.
+Göstərmək lazımdır ki, nitq fəaliyyətinin bir neçə növü vardır. Bunlar arasında ən əsas nitq növləri bunlardır:
*monoloji və dialoji nitq, daxili nitq, yazılı nitq.
Monoloji nitq – nitqin nisbətən daha geniş növüdür. Monoloji nitq bir şəxsin öz fikir və mülahizələrini müntəzəm və ardıcıl şərh etməsidir. Bu nitq fəal sərbəst nitq növüdür. Monoloji nitqi həyata keçirtmək üçün danışan adam adətən hər hansı bir məzmununa malik olmalı və buna əsasən öz ifadələrini sərbəst qurmağı bilməlidir.
Monoloq – fasiləsiz, əlaqəli, ardıcıl və məntiqi olur. Bu cür nitqin rəvan olması üçün danışan şəxs deyəcəyi fikri aydın dərk etməli, zəngin lüğət ehtiyatına malik olmalı, nitqin emosionallıq xüsusiyyətlərinə, dilin qanunauyğunluqlarına yiyələnməlidir. Dialoji nitq - iki və artıq şəxsin ünsiyyət prosesidir. Nitqin bu növünün bir neçə xüsusiyyəti vardır:
1.Dialoji nitq bilavasitə reaksiya tələb edir. yəni, münasib deyilənlərə öz münasibətini bildirir. Bu cəhət danışanın öz fikrini ifadə etmək istiqamətinə təsir edib onu müəyyən səmtə yönəldir.
2.Dialoq danışan şəxslərin emosional-ekspressiv rabitəsi şəraitində baş verir.
3.Dialoq müəyyən şəraitlə və ya obyektlə bağlı olur. bu mənada o, situativ səciyyə daşıyır. Söhbət obyekti dəyişən kimi dialoqun istiqaməti dəyişir. Dialoq zamanı köməkçi vasitələrdən daha çox istifadə olunur. Məsələn, səsin ahəngi, mimika, pantomimik, jest və s.
Daxili nitq - (eqosentrik nitq) nitq fəaliyyətinin xüsusi növüdür. O, praktik və nəzəri fəaliyyətin planlaşdırma fazası kimi və ya planın bir sıra xüsusi mürəkkəb nəzəri fəaliyyət növlərində həyata keçirilməsi fazası kimi çıxış edir. Bu mənada bu nitq insanın özünə yönəlmiş nitqdir. Onun köməyi ilə insan özünün praktik fəaliyyətini tənzimləyir və ona nəzarət edir. Daxili nitq üçün qırıqlıq, fraqmentlik xarakterikdir.

*Artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə almaqla daxili nitqi tədqiq etmək mümkündür. Deməli, daxili (eqosentrik) nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsidir.
Yazılı nitq monoloji nitqin bir növü kimi özünü göstərir. 

Monoloji nitqin bütün xüsusiyyətləri ona da xasdır, lakin onda bu xüsusiyyətlər daha çox nəzərə çarpır. şifahi monoloji nitqə nisbətən yazılı nitq daha müfəssəldir. Bu ondan irəli gəlir ki, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur.
*Yazılı nitqin ən mühüm cəhəti onun daha çox ixtiyari nitq növü olmasıdır. Yazılı nitq mətnlərin köməyi ilə aparılan verbal nitqdir. Yazılı nitq şifahi nitqdən təkcə qrafik olması ilə deyil, həm də özünəməxsus qrammatik və stilistlik xüsusiyyətlərinə görə də fərqlənir.

Dr. Ruqiyyə Fərəcova . Beynəlxalq dərəcəli Loqoped (Surdo) / Defektoloq , Udma xəstəlikləri üzrə mütəxəssis / Abbott Nutrition Health Institute (ANHI) .nun Səfiri / American Speech-Language-Hearing Association (ASHA) və Emirates Medical Association üzvü .

Rugiyya Farajova

DİGƏR MƏQALƏLƏR