Qeydiyyat
Məqalə  

Ömürlük içilən həblər

Ömürlük içilən həblər

Çox vaxt ürək xəstələrinə müalicə təyin etdikdə " özümü dərmana öyrəşdirmək istəmirəm, ömürlük içməliyəm?, dərmansız müalicə yoxdurmu?, dərmani 1 ay içib sonra saxlasam olmazmi? və s " kimi suallarla üzləşirəm. Bugün bu mövzu barədə biraz danışacam.
Öncəliklə onu qeyd edim ki, ürək dərmanları həyati vacib dərmanlar olduğundan və ürək xəstəlikləri ömür boyu davam etdiyindən həkimlə məsləhətləşmədən müalicədə istifadə edilən dərmanların dayandırılması və ya dəyişdirilməsi düzgün sayılmır!

Ürək damarlarının daralması ilə ortaya çıxan koronar arteriya xəstəliyi ən çox görülən ürək xəstəliyidir. Bu xəstəlik xroniki bir xəstəlikdir. Əməliyyat və ya stent tətbiq olunsa belə, ürək damarlarının daralmasına və ya tıxanmasına səbəb olan əsas xəstəlik prosesi davam edir. Bu prosesi ləngitmək üçün dərman qəbulu mütləq lazımdır.
Eləcə də, miokard infarktı keçirmiş bir adamın, heç vaxt keçirməmiş bir insandan təkrar infarkt keçirmə riski daha yüksək olduğundan, dərmanlarını düzənli və davamlı olaraq istifadə etməsi çox vacibdir!

Digər olduqca geniş yayılmış bir ürək xəstəliyi ürək çatışmazlığıdır. Bəzi ürək çatışmazlığı növləri istisna olmaqla, böyük əksəriyyəti ömürlükdür və ömürlük dərman müalicəsi tələb edir. Ürək xəstəliklərindən danışdıqda qapaq xəstəlikləri, anadangəlmə ürək xəstəlikləri və ritm pozğunluqlarını da, diqqətdən kənar qoymaq olmaz. Qapaq xəstəliklərinin əksəriyyətinin mexaniki protez qapaq dəyişdirilməsi ilə müalicə olunduğunu nəzərə alsaq protez qapaqları olan xəstələr, mexaniki protez qapağın laxtalanmaması üçün ömrü boyu qan sulandırıcı almalıdırlar. Bəzi anadangəlmə ürək xəstəlikləri və bəzi ritm pozğunluqlarının müəyyən müalicəsi var, lakin sağalmayan xəstəliklər ömürlük dərman müalicəsi gərəktirir.

Eyni səbəbdən yüksək qan təzyiqi ömürlük müalicə tələb edir. Təzyiq düşürücü dərmanları istifadə edildikcə qan təzyiqi azalır, lakin dərman kəsildikdə qan təzyiqi yenidən yüksələ bilir.
Həmçinin kardioloqunuz xolesterol dərmanına ehtiyac duyarsa, bu müalicə ömürlük davam edə bilər. Dərmanın dozalanması, qanda xolesterol səviyyəsinə görə müalicə müddətindəki fasilələr sırf həkim tərəfindən idarə olunmalıdır.

Doğrudur, hazırda ürək xəstələri gündəlik neçə dərmanı mütəmadi qəbul etmək məcburiyyətində qalır və bu hal bəzi pasientlərdə haqqlı narazıçılığa, təyinat pozğunluğuna, dərmanın qəbulunun unudulmasına səbəb olur. Məhz buna görə də, artıq müasir dövrümüzdə bir çox xarici farmokoloji şirkətlər tərkibində bir neçə təsiredici maddəni (dərmanı) birləşdirən " polypilule " həblər üzərində işləyirlər. Ümudvarıq ki, belə həblər özünü doğruldacaq.

Sonda isə oxuyucularıma onu demək istəyirəm ki, dərmanlarının həkimdən icazəsiz kəsilməsi yenidən əvvəkli ağırlaşmalara gətirə bilər. Unutmasınlar ki, ürək dərmanlarının əksəriyyəti həyat keyfiyyətini yaxşılaşdıran və ömrü uzadan dərmanlardır. Onların bir ömür istifadəsi nəinki lazim, hətta vacibdir!

Daima kardioloji sağlam olun !

PhD. Dr. İlahə Ağayeva

DİGƏR MƏQALƏLƏR