Qeydiyyat
MEDXƏBƏR

“O” gün

“O” gün

Hər kəsin o gün dediyi, bir-birinə arzu etdiyi, əhdlər verdiyi sözlər və planlar qurduğu “O “gündəyik. İnanması çətin, yaşanması isə bir qədər xoş olan gün. Hamımızı birləşdirən dəyər, sən demə içimizdəki vətən sevgisi necə çox imiş. Mən xalqımı tanımadım, kənardan seyr etmək o qədər qürürverici və gələcəyə ümidverici idi ki. 

Mən hərbiçi və Qarabağ müharibəsi iştirakçısı qızıyam və evdə vətənpərvərlik ruhu, dövlət və vətən sevgisi içində böyümüşəm, amma indi, məhz indi mənə bu hisslər, valideynimin keçirdiyi əsl hisslər aydındır. Pafos dolu sözlər olmadığını anlayıram.

Hər birimizin bundan əvvəlki dövrü öz işini inkişaf etdirmək idisə, indiki etapdan sonra düşünürəm ki, region və ölkə maraqlarını qorumalıyıq. Mənim üçün bu missiya daha asandır. Tibbi turizm və diplomatik turizm ilə əlaqəli 5 illik inkişaf proqramı bu il pandemiyaya görə dayanmışdı. Bitən kimi əvvəlki entuziam və həvəsdən bəlkə də yuz qat daha çoxu ilə çalışmağa başlayacam. Biz artıq qalibik, alnıaçıq və yeni üfüqləri görünən regionun ən güclü ölkəsiyik.

Birlik olmağı indiyə kimi bacarmadığımızı düşünmürdüm, amma gördüm ki, edə bilirik, alınır və odur ki, davam edib, birlikdə vətənimizi daha da çiçəkləndirək. Bunun üçün hər bir imkanımız resursumuz var.

Qarabağ Azərbaycandır, biz Azərbaycanıq! Bu 44 günü davam etdiyimiz birliyi bundan sonra da görmək arzusu ilə.