Qeydiyyat
Müsahibə  

Arterial hipertenziya haqqında nələri bilməliyik?

Arterial hipertenziya haqqında nələri bilməliyik?

Arterial hipertenziya xəstəliyi çox hiyləgərdir, çünki insanlar simptomlarını bilmədən uzun müddət öz vəziyyətindən xəbərsiz olaraq, xəstəliyi inkişaf etdirirlər. Axı insan nə vaxt həkimə müraciət edir? Özünü pis hiss etdikdə. Hipertoniyanın erkən mərhələsi üçün isə bu tip əlamətlər də, tipik deyil. Üstəlik, tez-tez təzyiqin yüksəlməsini ümumiyyətlə tonometr olmadan müəyyən etmək olmur. Bəs zamanında qorunmaq üçün insanlar hipertoniya haqqında nələri bilməlidirlər? sualına həkim kardioloq Dr. İlahə Ağayeva www.MedProInfo.com-a olan müsahibəsində ətraflı izzah etdi.

- İlahə xanim, Sizi aramızda görməyimizə çox şadıq. Müsahibəmizə " Hipertoniya nədir və əlamətləri hansılardır? sualı ilə başlamaq istərdik

- Təşəkkür edirəm. Hipertoniya xəstəliyi və ya müasir adı ilə desək, Arterial Hipertenziya - qan təzyiqinin davamlı yüksəlməsi ilə xarakterizə olunan ürək, böyrək, beyin, göz və s. orqanların zədələnməsi ilə nəticələnə bilən xronik bir xəstəlikdir. Arterial hipertenziya dünyada ürək-damar xəstəlikləri üzrə əsas ölüm səbəblərindən biridir. Hazırda statistikaya baxsaq, dünya əhalisinin təxminən 1.5-2 milyard insanı hipertenziyadan əziyyət çəkir və bunun da təxminən 2/3 hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür.
Bildiyimiz kimi ürək qanı damarlara pompalayır və qan damarlarda dövran etdikcə, müəyyən bir təzyiq yaradır. Bu insandan insana spesifik olaraq dəyişir. Qan təzyiqi özü isə sistolik və diastolik olaraq 2 yerə ayrılır. Sistolik təzyiq- ürək yiğılaraq qanı damarlara atdığı zaman qanın damarlara etdiyi təzyiqdir. Diastolik təzyiq isə-ürək boşalan zaman və ya diastola zamanı hələ də damarlarda müşahidə olunan təzyiqidir. Ümümdünya Səhiyyə Təşkilatının və Avropa Arterial Hipertenziya Cəmiyyətinin göstəricilərinə əsasən hazırda yetkinlik yaşına çatmış sağlam insanlarda normal qan təzyiqi 120/80 mm.civə süt. qəbul edilir. Qan təzyiqinin davamlı olaraq bu rəqəmlərdən yuxarı müşahidə edilməsi artıq hipertenziyaya gətirib çıxarır. Çox vaxt qan təzyiqi simptomsuz inkişaf edərək həddən artıq yüksəlməyənədək insanda heç bir əlamət göstərməyə bilər. Məhz bu səbəbdəndir ki, Hippertenziya “ Səssiz Qatil” adlandırılır.Yəni yüksək qan təzyiqində əziyyət çəkın insanların çoxu xəstəliklərindən xəbərsizdirlər.
Hipertenziyanın ilkin əlaməti ilk öncə qeyd eydiyim kimi arterial qan təzyiqinin yüksəlməsi ( sistolik və diastolik) ,baş ağrılarının, xüsusən də ənsə, alın, gicgah nahiyyələrində ağrıların olması, qulaqlarda küy və ya uğultu hissi, gözlərdə dumanlanma, skleraya qansızma, ürəkdöyünmə, burun qanaması, halsızlıq və s. sayılır.

- Arterial hipertenziya diaqnozu kim tərəfindən və necə qoyulur?
- Hipertenziaya diaqnozu ilk öncə həkim tərəfindən qoyulmalıdır. Çünki qan təzyiqinin arabir və ya nizamsız yüksəlməsi, ölçümlərin düzgün aparılmaması nəticəsində qeyd olunan yüksək qan təzyiqi göstəricilərinin olması hipertenziya xəstəliyi demək deyil. Belə ki, təzyiq bir neçə provakasion faktorların (stress,emosionalı fon, kafein qebulu, çoxlu nikotin qəbulu və s) fonunda simptomatik olaraq yüksələ bilər. Hətta “ağ xalat sindromu“ dediyimiz bir hal da var ki, bu normal qan təzyiqi olan adamın məhz həkim qəbulu zamanı qan təzyiqinin daima yüksək müşahidə olunmasıdır. Məhz ona görə bütün bu və ya digər faktorlar həkim tərəfindən nəzərə alınarq düzgün müayinələrdən sonra dəqiq diaqnoz qoyulmalıdır. Eyni zamanda arterial qan təzyiqinin düzgün ölçülməsi ( pasientin özünün və ölçüm aparılacaq ətrafin vəziyyəti, manjetin düzgün taxılması, ölçümlərin müxtəlif vaxtlarda aparılamsı və müqayisə olunması, alınmış rəqəmlərin düzgün təhlili və s) böyük önəm daşıyır.

- Hipertenziyanın əsas səbəbləri hansılardır və onlardan qaçınmaq üçün nələrə diqqət olunmalıdır.

- Yüksək qan təzyiqi yaradacak bir sıra səbəblər var, biz bunlara risk faktorları deyirik. Risk faktorları isə öz növbəsində modifikasiya- idarə olunan və modifikasiya oluna bilməyən qruplara ayrılır.İdarə olunmayan faktorlara irsiyyət, cinsiyyət, irq, regional şətlər və s.aiddir. Bunların mövcudluğu və kontrolu bizdən asılı deyil. İdarə oluna bilən faktorlara isə-qeyri-düzgün qidalanma, izafi duz qəbulu, hipodinamiaya-az hərəkətlilik, artıq çəki, zərərli vərdişlər və s aiddir.Bu faktorlara təsir etməklə isə biz qan təzyiqini nəzarətə götürə və idarə edə bilərik.

- Tez-tez yüksək qan təzyiqindən əziyyət çəkən pasientlər təzyiqlərini nəzarətdə saxlamaq və sağlam həyat tərzinə qayıtmaq üçün nə etməlidirlər?

- İlk olaraq onu qeyd edim ki, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr kardioloqun müntəzəm müşahidəsi altında olmalıdırlar. Dövrü olaraq müvafiq kardioloji müayinələrdən keçməli və verilən təyinatlara riayət etməlidirlər. Tövsiyyələrə əməl edərək sağlam qidalanmalı; duzlu, yağlı, qizardılmış, konservləşdirilmiş, karbohidrat ağırlıqlı qidalardan uzaq durmalı, daha çox bitki mənşəli qidalar, dəniz məhsulları və tərəvəzlərə üstünlük verməlidirlər. Eyni zamanda zərərli vərdişlərdən uzaq durmalı, aktiv həyat tərzi keçirməli, çəkiyə, bədən indeksinə nəzarət etməlidirlər.

- Qan təzyiqinin ölçülməsi necə aparılır və bunun xüsusi bir qaydası varmı?

- Arterial qan təzyiqinin ölçülməsi müxtəlif tamometrlər ( civəli, sadə-manual, elektron və s. ) vasitəsi ilə aparılır. Təzyiq ölçülərkən xəstə tam psixi və fiziki sakitlik vəziyyətində olmalı, ən azı 5 dəq sakit və hərəkətsiz qalmalıdır. Oturduğu stula tam söykənməli, ayaqlar bir-birinin üzrərinə aşırılmamalıdır. Təzyiq ölçüləcək qol ürəklə eyni səviyyədə olmalıdır.Bu zaman tanometrin manjetinin ölçüsü qola müvafiq seçilməli, paltarın üzərindən deyil çılpaq qola taxılmalı və dirsəkdən təxminən 2 sm yuxarı bazu nahiyyəsinə bağlanılmalıdır. Ölçmələr hər 2 qolda və ən azı 2 dəfə 3-5 dəq fasilələrlə aparılmalıdır. Sağ və sol qollar arasında təzyiq fərqi 5-10 mm. civə sütünu ola bilər,bu normaldır. Göstəricilərdən daha böyük təzyiq fərqinin olması bizdə müəyyən ürək xəstəliklərinə şübhə yaradır. Onu da qeyd edim ki, 120/80 mm civə sütünu- optimal təzyiq; 129/84 mm civə sütunu isə -normal təzyiqi, 130/90 isə yüksək normal qan təzyiqi hesab olunur.

- Arterial hipertenziyalı xəstələrində diaqnozun qoyulması üçün hansı müayinə üsulları aparılmalıdır ?
İlk öncə xəstədən anamnestik məlumatlar toplanılır. Onun şikayətləri dinənilir, vizual olaraq boy, çəki, bel dairəsi, bədən indeksi dəyərləndirilir, irsiyyəti, həyat şəraiti, qidalanması, zərərli vərdişlərinin olub-olmaması araşdırılır. Sonrakı instrumental müayinə qan təzyiqinin az öncə qeyd etdiyim qaydalarla ölçülməsi sayılır. Bəzən elə olur ki, xəstənin qan təzyiqi həkim müayinəsi zamanı normal olur, lakin axşamlar qalxır və ya əksinə. Bu zaman qan təzyiqinin daha düzgün dəyərləndirilməsi üçün Təzyiq-Holter dediyimiz cihazlardan istifadə olunur. Bunun vasitəsiyə xəstənin təzyiqinin 24 saatlıq monitorinqi aparılaraq ,daha dəqiq izlənilir. Daha sonra xəstələrə rutin olaraq EKQ, ExoKQ, böyrəklərin və böyrəküstü vəzilərin USM-i, fundoskopiya (göz dibi müayinəsi ) kimi müayinələr aparılır. Bu müayinələrin nəticələrinə əsasən həkim xəstəni digər əlavə müayinələrə göndərə və ya göndərməyə bilər. Həmçinin xəstədən bəzi qan təhlilləri istənilə bilər. Ən sonda həkim tərəfindən bütün instrumental və diaqnostik müayinələrin nəticələri nəzərə alınaraq diaqnoz qoyulur.

- Bəs yüksək qan təzyiqinin dərman müalicəsi varmı və el arasında yayılmış xalq təbəbəti üsulları nə dərəcədə effektli sayılır?
- Yüksək qan təzyiqi ilkin mərhələlərdə dərman müalicəsi gərəktirmir.Pasient həkimin bütün tövsiyyələrinə əməl edərək sağlam həyat tərzinə, düzgün qidalanmaya keçərsə, bədən çəkisinə nazarət edərsə tədricən qan təzyiqi normallaşacaqdır.Arterial hipertenziyanın sonrakı mərhələlərində isə xəstəliyin müalicəsi rejim, pəhriz qaydaları ilə yanaşı dərman müalicəsi fonunda aparılır.Dərman müalicəsi isə xəstəliyin mərhələsi və gedişatindan, ağırlaşma dərəcəsindən asılı olaraq monoterapiya və ya kombinə olunmuş müalicə şəklində aparılır.Onu da qeyd edim ki, təzyiq müalicəsi ömürlük sürən bir müalicədir və xəstələr antihipertenziv preparatları uzunmüddətli, ömürlük qəbul etməlidirlər.Çünki bu preparatların uzunmüddətli qəbulu orqanoprotektiv təsirə malikdir və hədəf orqanları ikincili zədələnmələrdən qoruyur.
Xalq təbabətinə gəldikdə isə bəzi turş, meyxoş meyvələrin, bitkilərin (limon, nar, kəklikotu, itburnu və s.) müəyyən keçici antihipertenziv təsirləri vardır, həmçinin tərkibləri vitamin və minerallarla zəngindir.Onlardan gündəlik istifadə təbii ki, də məqsədəuygundur.Lakin tək onlarla qan təzyiqini müalicə etmək olmaz və bu düzgün sayılmır, tam əksinə xəstəliyin daha da irəliləməsinə gətirib çixara bilər.

- Yüksək qan təzyiqini müalicə etmədikdə hansı fəsadlar verə bilər?
- Yüksək qan təzyiqi nəzarətə alınmadıqda bir sıra fəsadlar verə bilər.Beləki bu zaman hədəf orqanlar var ki, ilk olaraq məhz onlar zədələnir. Bunlara; ürək, beyin, böyrək, gözlər, periferik damarlar və s. aiddir. Yüksək kontrolsuz qan təzyiqi beyin insultu, miokard infarktı, böyrəyin filtrasiya funksiyasının pozulması (mikroalbuminuriya-sidikdə zülalın ifraz olaması,serum kreatininin qalxması), görmə qabiliyyətinin zəifləməsi, skleraya qansızma, torlu qişada gedən bir sıra degenerativ dəyişikliklər, periferik damar zədələnmələri və s. kimi patoloji proseslərə, ağırlaşmalara səbəb olur. Odur ki, vaxtında və düzgün aparılmış müalicə xəstənin digər orqanlarını da qoruyur və ümumi həyat keyfiyyətini yüksəldir.

- Son olaraq oxucularımıza nə tövsiyyə edərdiniz?

- Oxucularıma ilk öncə bizləri izlədiyinə, verilən məsləhətləri sonadək oxuduqlarına görə təşəkkür etmək istəyirəm. Yüksək qan təzyiqi dövrümüzün qlobal problemlərindən biridir. Bildiyiniz kimi stress, az hərəkətlilik, fast foodlardan istifadə, artıq bədən çəkisi, bir sıra zərərli vərdişlərin olması və s. yüksək qan təzyiqinə səbəb olacaq faktorlardır. Məhz buna görə də insanlar sağlam qidalanma və aktiv həyat tərzinə daha çox üstünlük verməlidirlər. Yüksək qan təzyiqi olan xəstələr vaxtı- vaxtında müntəzəm həkim müşahidəsində olmalı və dərman təyinatlartına düzgün əməl etməlidirlər. Nəzarətsiz dərman qəbulu və ya başqasına təyin olunmuş təzyiq dərmanindan istifadə etmək xəstənin vəziyyətini daha da pisləşdirə bilər. Çünki təzyiq dərmanı hər xəstəyə yaşına, klinik göstəricilərinə, xəstəliyin dərəcəsinə görə və özünün əlavə, yanaşı gedən xəstəlikləri nəzərə alınmaqla induvidual olaraq təyin edilir.
Unutmaq lazım deyil ki, əgər ürəyimizi qorumaq istəyiriksə o zaman onu yüksək qan təzyiqi altinda işləməyə qoymamalıyıq. Xəstəliyin profilaktikası isə onun müalicəsindən və ağırlaşmalarının aradan qaldırılmasından qat-qat asandır. Odur ki, qan təzyiqinizi daima nəzarətdə və normada saxlamağa çalışın. Normal qan təzyiqi və sağlam ürək uzun ömür və keyfiyyətli həyatın qarantıdır!
Bütün pasientlərimə daima kardioloji sağlam olmalarını arzulayıram.

 

İlahə Ağayeva

DİGƏR MƏQALƏLƏR