Qeydiyyat
Məqalə  

Əvəzolunmaz və Möcüzəvi Qida

Əvəzolunmaz və Möcüzəvi Qida

Ana südü ilə qidalanma körpənin sağlam böyüməsi və inkişafı üçün əvəzolunmaz və möcüzəvi bir qidadır. Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF,  Amerika Pediatriya Akademiyası və əlbəttə ki, biz pediatrlar  körpələrin ilk 6 ay sadəcə ana südü ilə qidalandırılmasını, 6 ayından sonra da əlavə qidalarla birlikdə 2 yaşadək ana südü ilə qidalanmanın davam etdirilməsini tövsiyə edirik.

Ana südünün faydaları saymaqla bitməz və əlbəttə ki, bu faydaları bir məqaləyə sığdırmaq olmaz!                                                                                                  

  •  Ana südü və doğumdan sonra gələn molozivo dediyimiz ağız südü (ilk süd) körpə üçün çox önəmlidir, körpənin ilk peyvəndidir  və onu  xəstəliklərdən qoruyur. Bu körpələr gələcək həyatlarında da daha az xəstələnirlər.
  • Ana südü  D vitaminindən başqa təkbaşına  ilk 6 ay körpənin su daxil olmaqla bütün ehtiyaclarını qarşılayır. Ana südünün tərkibində yetəri qədər su (80%-dən çox) vardır, ona görə də ilk 6 ay boyunca körpələrə ana südündən başqa heç bir maye və qida verilməməlidir.
  • Ana südü hər zaman sterildir və temperatur dərəcəsi körpənin əmizdirilməsi üçün  idealdır.
  • Ana südü körpə üçün ən təbii və dəyərli qidadır , rahat həzm olunur.
  • Ana südü körpənin sadəcə qidalanmasını  deyil, eyni zamanda beyin ve sinir toxumasının  inkişafını, psixomotor inkişafını da təmin edir. Hətta bəzi elmi tədqiqatlarda qeyd edilir ki, ana südü ilə qidalanan körpələrdə  digər qidalarla qidalanan körpələrdən fərqli olaraq, psixomotor və zehni inkişaf daha sürətli gedir, IQ göstəriciləri və məktəbdəki uğurları daha çox olur.
  • Ana südünün  tərkibindəki immun hüceyrələr və antitellər  immuniteti gücləndirərək körpəni allergiyalardan, infeksiyalardan və xroniki xəstəliklərdən qoruyur. Ana südü ilə qidalanan körpələrdə  ekzema, bronxial astma kimi allergik xəstəliklər, orta qulaq iltihabı, respirator infeksiyalar,  ishal, meningit, sidik yolu infeksiyaları,obezite (piylənmə), 1-ci tip şəkərli diabet,kardiovaskulyar xəstəliklər, Kron xəstəliyi və s. xəstəliklərin görülmə sıxlığı daha azdır.
  • Ana südü körpənin çənə və diş inkişafına da müsbət təsir göstərir. Diş problemləri daha az rast gəlinir.
  • Ən önəmlisi isə odur ki, ana südü ilə qidalandırma zamanı körpə özünü güvəndə hiss edir, ana və körpə arasında bağlılıq, sevgi hissləri formalaşaraq daha da güclənir  və bu özəl sevgi də körpənin gələcək fərd olaraq inkişafında mühüm rol oynayır.

Son olaraq sizlərə tövsiyəm odur ki, “südüm azdır”, “körpəmə yetməyəcək” kimi yanlış düşüncələrə inanıb körpələrinizi ana südü ilə qidalandırmaqdan imtina etməyin!

Əziz Analar özünüzə güvənin! Körpənizi ana südü kimi əvəzolunmaz və möcüzəvi qidadan məhrum etməyin! Unutmayın ki, Bir ananın körpəsinə verəcəyi ən gözəl hədiyyə Ana Südüdür.  Körpənizə ana südündən başqa verə biləcəyiniz daha faydalı, daha dəyərli, daha ideal və daha möcüzəvi bir qida yoxdur!

Həkim Pediatr
Dr. Pəri Qocayeva

 

 

Dr. Pəri Qocayeva

DİGƏR MƏQALƏLƏR