“Ginekoloji problemlər təkcə cinsi aktivlik yaşayan qadınlarda olmur. Gənc qızların da özlərinə aid ginekoloji problemləri ola bilər”. Cərrah-ginekoloq Rəşad Sultan lent.az-a bildirib ki, ona görə də hər bir qadın vaxtı-vaxtında ginekoloji müayinədən keçməlidir. Onun sözlərinə görə, bakirə qızlarda menstruasiya pozğunluğu, ginekoloji ağrılar, xoşxassəli şişlər, uşaqlıq yolunun ifrazatı və s. Problemlərin olması normal qarşılanır: “Problemlərin vaxtında aşkarlanmaması gələcəkdə ciddi fəsadlara yol açar. Gənc qız ginekoloqa müraciət edirsə, bu o demək deyil ki, o artıq bakirə deyil. Bu düşüncə tamamilə yanlışdır”.Həkim deyib ki, ginekoloji müayinə təkcə uşaqlıq yolunun güzgü ilə yoxlanılması deyil.
Tibbi müayinə sorğu ilə başlayır: “Yəni xəstə ilə söhbət aparılır, şikayətləri müəyyənləşdirilir. Bundan başqa xarici cinsiyyət üzvlərinə baxmaqla da bəzi problemləri aşkar etmək olar. Eyni zamanda ultrasəs müayinəsi də ginekoloji müayinənin bir parçasıdır. Bakirə qızların müayinəsində bu vasitədən çox istifadə edirik. Əgər qızın yumurtalıqlarında problem varsa, həkim ona üstdən USM-lə baxır və diaqnozu qoyur”.