Qeydiyyat
Məqalə  

Güvənsizlik

Güvənsizlik

Çoxlarının çəkindiyi, lakin hamının bildiyi hətta səbəblərinin belə yaxşı məlum olduğu həkimlərimizə güvənsizlik hissindən danışmaq istəyirəm. 

Niyə? Çünki işimizin əsas hissəsini və bizə verilən ən birinci sualların cavabını bu təşkil edir. Xəstələrinin çox hissəsinin müalicə və müayinə üçün yaxın xarici ölkələrə üz tutan bir ölkə necə tibbi turizm xidmətləri təqdim edə bilər? İllərlə formalaşan bu steriotipin əsasında nə dayanır ? - Həkimdən həkimə gəzən və onlara inanmayan, laboratoriyalarda müxtəlif cavablar alan və bəzən bu diaqnozları xarici ölkədə təsdiqlənməyən xəstələr, multi diaqnoz qoyulan xəstələr, zəruriyyət yaranmayan dərmanların təyinatı, dünyada alternativ müalicəsi olan xəstəliklərin kardinal üsullara üz tutulması və təbii ki, istifadə olunan dərmanların keyfiyyət meyarlarının aşağı olması...

Sadaladığım səbəblərin hamısını açıq və aydın həm mənşəyi, həm də nəticələri az çox hamıya məlumdur. Lakin son zamanlar informasiya azadlığı, insanların daha dinamik səyahət edə bilməsi, dil bilgilərinin yüksək olması onları həm seçici, həm də daha bilgili edir. Həkimlər öz üzərilərində işləməli, kəmiyyət deyil, keyfiyyet göstəricilərinə üstünlük verməlidirlər. Çünki sosial şəbəkə, TV və radio da həmçinin biz həkimlərə bu imkanı yaradır. Hər kəs haqqında fikirlər, rəylər bildirilir, lakin bunlar hər zaman müsbət olmur. Həkim öz reklamını edə bilər, lakin bu onu sadəcə məşhur edəcək, amma yaxşı həkim etməyəcək.
Yaxşı həkimin reklama ehtiyacı varmı ? Əlbəttə ki, var, sadəcə maarifləndirmək və xəstə mübadiləsinin orqanik ortamda gerçəkləşməsi, hər kəs tərəfindən tanınması üçün.
Bu reklam yox, özünü tanıtmaq məqsədi ilə olunur. Əfsuslar olsun ki, əldə olan imkanlardan sosial şəbəkə, website və s. həkimlər tərəfindən çox da düzgün istifadə olunmur.

Güvən hissi necə qazanılır ? Səmimiyyətlə, hər kəsə olan eyni münasibətlə, həqiqətən o işi gördüyündən və aldığı nəticədən duyduğu məmnunluq hissi ilə. Təbii bəlkə də, oxuyub, çoxunuz güləcəksiz ki, o qədər işin içində heç yadımıza düşmür. Lakin unutmamalıyıq ki, bir qəbul gününə limitli sayda xəstə qəbul etsək, və ya günə maksimum 2 və daha az əməliyyat alsaq, hər xəstəyə daha çox vaxt ayırsaq, əlimizdə telefon sabaha xəstə randevusu verərkən, qapıdakı xəstəyə gəl demək əvəzinə, içəridəkinin şikayətlərinə qulaq asa bilsək və evə az yorğun gəlsək, bunların hamısını etmək olar. Mental sağlamlığımızın fiziki sağlamlığımızla üst-üstə düşməsi, əhvalımızın bütün ətrafımıza yansıması bütöv bir vəhdətdir.. Bunu ancaq fərqinə varan insan və özünün həyatını, hər anının qədrini bilən biri edə bilər.

Güvən hissi verilən sözlərlə deyil, ətrafa saçılan enerji ilə, zamanla bir insandan digərinə ötürülən xoş təəsüratla, müsbət aura ilə və xeyirxahlıqla formalaşır. Kobud, hövsələsi dar, həyatına heç nə sığışdıra bilməyən, amma çox yaxşı həkim inanın ki, heç kimə lazım deyil, yalnız ölüm yatağında olan carəsiz və ona dözmək məcburiyyətində olan xəstə və yaxınlarından başqa. Eqomuzu kənara qoyub, bunları ede bilsək və ya sağlam eqo ilə müasir texnologiyalarımıza uyğun tibbi xidmət göstərə bilərik. Bu bizim özümüzə lazımdır. Mən inanıram ki, ölkədə xaricə getmədən də, yüksək keyfiyyətdə xidmət göstərə biləcək çox sayda həkimlərimiz var. Belə ki, çoxunu şəxsən tanıyıram və çoxu ilə də bu sahədə işləyir, əməkdaşlıq edirik...

Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR