Müsahibə  

Peyvəndlərlə bağlı yayılan şayiələr... Pediatrdan ÇAĞIRIŞ

Peyvəndlərlə bağlı yayılan şayiələr... Pediatrdan ÇAĞIRIŞ

“Peyvəndlərdən imtina tamamilə səhv addımdır. Ən azı valideynlər iki nəsil əvvələ baxsalar, hər birinin ailəsində və qohumlarında qızılcadan, difteriyadan, müxtəlif yoluxucu xəstəliklərdən ölənlərin olduğunu görərlər”.

e-tibb.az-ın xəbərinə görə, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

Həkim vurğulayıb ki, peyvəndlər dünyada hər il 4-5 milyon uşağın həyatını yoluxucu xəstəliklərdən qoruyur: “Peyvəndləmə vasitəsilə immun sistemi zəif olan uşağın müxtəlif yoluxucu xəstəliklərə qarşı qoruyucu anticismlər alması təmin olunur. Hazırda Azərbaycanda 11 xəstəliyə qarşı peyvənd aparılır. Peyvəndlərin xüsusi yoluxucu infeksiyalardan olan qızılca, məxmərək, parotit, göyöskürək, difteriya, tetanus, hepatit B-nin qarşısının alınmasında müstəsna rolu var”.

Pediatr qeyd edib ki, peyvəndin heç bir zərəri yoxdur, peyvənd olunmayanların bu xəstəliklərə tutulma riski çox yüksəkdir: “Bizim “cəmiyyət immuniteti” dediyimiz bir məfhum var. Əgər 100 uşaqdan 95-96-sı peyvənd olunursa, yerdə qalan peyvəndsiz uşaqlar başqaları üçün heç bir təhlükə yaratmır. Amma bu faiz aşağı düşdükcə o zaman yoluxucu xəstəliklər artır. Çox təəssüf ki, peyvənd vurulmaması nəticəsində qızılcanın, göyöskürəyin artdığının müşahidə etmək mümkündür”.

Ü. Əliyev, peyvəndlərlə bağlı yayılan şayiələrin heç bir əsasının olmadığını da bildirib: “Peyvəndlərin tərkibində civə miqdarı minimum dərəcədədir. Peyvəndlər autizmə, sonsuzluğa, nəsil sayının azalmasına səbəb olmur, ümumiyyətlə, heç bir halda uşaqların sağlamlığına ziyan vurmur. Əksinə uşaqları yoluxucu xəstəliklərdən qoruyaraq sağlam böyümələrini təmin edir”.

e-tibb.az

Medproinfo