Qeydiyyat
MEDXƏBƏR

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətində mühüm təkmilləşdirmə işləri aparılır

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətində mühüm təkmilləşdirmə işləri aparılır

Fatoş Hande Harmancı: “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətində mühüm təkmilləşdirmə işləri aparılır” (FOTO)

Avqustun 1-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib. Tədbir Səhiyyə Nazirliyi, Milli Məclis, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, BMT-nin agentlikləri, digər beynəlxalq təşkilatlar və səfirlik nümayəndələrini bir araya gətirib.

ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə son üç ildə ölkədə mühüm təkmilləşdirmə işlərinin aparıldığını qeyd edib: "2016-cı ildə Azərbaycan hökuməti daha əlçatan səhiyyə sisteminin tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini yaratdı. Agentlik baza zərfinə daxil olan tibbi xidmətlərin maliyyələşdirilməsi üçün gəlirlərin yığılması yolu ilə icbari tibbi sığortanı həyata keçirir.

2017 və 2018-ci illərdə agentlik 3 bölgədə pilot layihə tətbiq etdi və əhaliyə 1829 xidmət təqdim olundu. Həmin pilot layihələr səhiyyə xidmətlərinin təkmilləşdirilməsi əhali və səhiyyə işçilərinin məmnunluğu baxımından müsbət nəticələr verdi. Gələn il yanvarın 1-dən etibarən yeni sistemin bütün ölkə ərazisini əhatə etməsi planlaşdırılır. Bu geniş islahatlar çərçivəsində ictimai səhiyyə də gücləndiriləcək. Səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək məqsədilə ÜST-ün mütəxəssislərindən ibarət missiya ölkəyə səfər edib.

Missiya Azərbaycanda maliyyələşdirilmə mexanizmlərinin düzgün qurulduğunu hesab edir. Lakin sistemin digər aspektlərinin, xüsusən ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə ehtiyac var. Mütəxəssislərdən ibarət missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir. Həmin missiya dəyişməkdə olan yeni sistemi müşahidə etmək və layihənin müvəffəqiyyətlə həyata keçməsi istiqamətində ÜST-ün tövsiyələrinin hazırlanması üçün böyük imkandır. Güclü səhiyyə sistemi dayanıqlı inkişafın təməlidir, o cümlədən hər kəsin istədiyi və layiq olduğu firavan gələcək üçün əsas şərtdir".

“Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır və ÜST mütəxəssislərinin köməyi ilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur. Bu ilin əvvəlindən təşkilat peşəkar bələdçiliyi və texniki bilikləri, birbaşa müşahidə imkanları yaradaraq milli texniki ekspertlərin təcrübəsi və öz mütəxəssislərindən ibarət texniki missiyanın tövsiyələri ilə Azərbaycanı bu sahədə dəstəkləyir. Növbəti addım Azərbaycana uyğun ən yaxşı modeli hazırlamaq üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı pilot layihə üzərində işləməkdir. İlkin səhiyyə xidmətləri hər kəsin ilk təmasda olduğu xidmətdir və burada xəstəliklərin böyük bir hissəsini daha yaxşı aşkar və müalicə etmək imkanı olduğundan böyük əhəmiyyət daşıyır”, - deyə ÜST-ün nümayəndəsi qeyd edib.

H.Harmancının sözlərinə görə, Azərbaycanda 30-70 yaşlı əhali arasında qeyri-infeksion xəstəliklər üzrə ölüm göstəricisi 22 faizə bərabərdir. Ölüm hallarına əsasən qanda şəkərin miqdarının və qan təzyiqinin yüksəlməsi, artıq çəki və siqaretdən istifadə səbəb olub. Ona görə də bu xəstəliklərin idarəedilməsi və həmin səbəblərdən ölümlərin azalmasında ən vacib addımlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir.

Tədbirdə ÜST-ün nümayəndələri Melitta Ceykabın “Dünya səhiyyə xidmətlərinin təminatına doğru aparan yol”, Naygel Edvardsın “Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi”, Kris Skotterin “Səhiyyə üzrə insan kadrları və tədris imkanları”, Səhiyyə Nazirliyinin nümayəndəsi Nadir Zeynalovun “Yeni sistem çərçivəsində Səhiyyə Nazirliyinin dəyişən rolu”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Rəşad Çobanlının “Azərbaycanda səhiyyə xidmətləri pilotundan öyrənilən dərslər” mövzularında məruzələri dinlənilib. Mövzular ətrafında müzakirələr aparılıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı