Qeydiyyat
Müsahibə  

Ürək şişləri

Ürək şişləri


Daxili orqanlar arasında yeganə orqan olan ürəkdə çox nadir hallarda şişlər müşahidə olunur. Sizcə bu nədəndir? Bəs ürək şişləri nədir? Xoş xassəli, yoxsa bəd xassəlidir? Bütün bu suallar barədə həkim kardioloq PhD. Dr. İlahə Ağayeva www.MedProInfo.com-a olan müsahibəsində ətraflı məlumat verdi.

- Elm adamlarının fikirinə görə bunun səbəbi ürəkdə mübadilə proseslərin tez baş verməsi, ürəyin təmiz arterial qanla yaxşı təchiz olunması, qanın buradan tez keçməsi və durğunluq proseslərin yaranmaması ilə izzah olunur. Bu ürəyə digər orqanlarla müqayisədə müəyyən üstünlüklər verir ki, ona görə də, ürəkdə şişlərin (xüsusilə bəd xassəli şişlərin) əmələ gəlməsi riski az olur və çox nadir hallarda rast gəlinir.

-Bəs nədir ürək şişləri nədir və növləri hansılardır? Bu barədə bilgi verməyinizi istəyərdik.

-İlk öncə onu qeyd edim ki, ürək şişləri ürək toxumaları və qişalarından inkişaf edən törəmələrdir. Şişlər ürəyin istənilən toxumasından başlanğıc götürə və hər yaşda yarana bilər. Kardiologiyada ürəyin birincili şişləri 0,001-0,2% ; ikincili (metastatik) şişlər isə 25-30 dəfə artıq rast gəlinir.

Ümumiyyətlə ürək şişləri müstəqil xəstəlik hesab olunaraq birincili və ikincili ola bilər. Birincili şişlərin etiologiyası çox vaxt məlum deyildir. Ikincili şişlər isə daha çox süd vəzisi, mədə, ağ ciyərlər, bəzən qalxanabənzər vəz və böyrək xərcənglərinin metastazları şəklində yaranmış olur. Bunlar hematogen (qan) və limfa yolu ilə həmin orqanlarda olan şiş hüceyrələrinə yayılaraq ürəyə siraət etməsi səbəbindən əmələ gəlmiş olur.

- Bəs ürək şişlərinin xoş və bəd xassəlisi varmi?

-Təbii ki, kardiak şişlərin də, xoş və bəd xassəli növləri vardır. Lakin sevindirici haldır ki, bəd xassəli ürək şişləri çox nadir rast gəlinir. Ürək şişlərinin böyük əksəriyyəti xoşxassəli (75-80%) sayılır.

Xoşxassəli şişlər arasında miksoma (50-80%)teratoma, rabdomioma, fibroma, hemangioma, lipoma, papillyar fibroelastoma və s. rast gəlinir.
Bədxassəli törəmələr sırasına sarkoma, perikardial mezotelioma və limfoma daxildir.
Psevdo (yalançı) şişlərə ürəydə yad cisim, formalaşmış tromblar, iltihabi xarakterli törəmələr (abses, qumma, qranuloma), exonokokk və digər parazitar kistalar və s. aiddir.

-Bəs bu şişlərin xüsusi bir əlamətləri varmi? Xəstələr ən çox nədən şikayətlənir?

-Ürək şişlərinin əlamətləri onların tipi, yerləşmə yeri, inkişaf xüsusiyyətlərindən asılıdır. Ona görə də müxtəlif kardial şikayətlər (ritm pozğunluğu, tənginəfəslik, sancı, şişkinlik, çatışmamazlıq və s.) yarada bildiyi kimi, tam səssiz də inkişaf edə və təsadüfü müayinə zamanı aşkalana bilərlər.

-Hansı müayinələr diaqnozun qoyulmasında sizlərə yardımçı olur?

-Ürək şişlərinin diaqnostikası bir qədər çətinlik törədə bilər, bu da klinik şəklin müxtəlifliyi və şişin morfoloji formalarından asılıdlr. EKQ-də müəyyən dəyişikliklər izlənsə də, bu spesifik sayılmır. Bu zaman ən önəmli məqam ürəyin kamera və qişalarının vizualizasiyasıdır. Ona görə ilkin mərhələdə Exokardioqrafiya müayinəsi (ExoKQ) daha həssas sayılır. Bu müayinə qeyri-invaziv, daha münasib və ziyansız bir müayinədir. Transtorakal ExoKQ vasitəsilə mədəcik, Transezofagial ExoKQ vasitəsilə qulaqcıq şişləri daha aydın və dəqiq vizualizasiya olunur. Exokardioqrafik müayinədən sonra Kardiac MRT də ürək şişlərinin diaqnostikasında önəmli müayinə sayılır. Belə ki, şübhəli vəziyyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün kardiak MRT, radioizotop skanlama, ventrikulografiya, histoloji qruluşun müəyyənləşdirilməsi üçün kateterizasiya və torakotomiya zamanı biopsiyanın aparılması və s. kimi diaqnostik üsullar tətbiq oluna bilir.

-Doktor, bəs ürək şişlərinin müalicəsi varmi və prognozu necədir?

-Ürək şişləri əsasən cərrahi yolla, yəni şişin əməliyyat vasitəsilə çıxarılması ilə müalicə olunur. Buraya da şişin tam və ya hissəvi kəsilməsi, müxtəlif radikal və palliativ əməliyyatların aparılması daxildir. Düşünürəm bu barədə kardiocərrahlar məndən daha yaxşı bilgi verə bilər. Sonrakı mərhələdə isə gərəkərsə şüa və kimyaterapiyanın tətbiq olunması da müzakirə olunur.
Prognozu barədə isə onu deyə bilərəm ki, ürək şişlərinin xaric edilməsi çox vaxt müsbət nəticələrlə müşahidə olunur və ortalama 3 illik sağalma ehtimalı 95-98% dir.

-Doktor, müsahibəmizin sonu olaraq oxucularımıza nə demək istəyərdiniz?

-Son olaraq onu deyə bilərəm ki, digər xəstəliklərdə olduğu kimi erkən diaqnoz ürək şişlərində çox önəmli sayılır və həyat qurtarır. Bu səbəbdən ürək nahiyyəsində hər hansı bir narahatçılıq, şikayət olan zaman kardioloq müayinəsinə gəlmək çox vacibdir. Əməliyyat olunmuş xəstələr də, həmçinin mütəmadi olaraq kardiloqun və kardiocərrahın nəzarətində olmalıdırlar.

Hər kəsə, xüsusən də pasientlərimə daima kardioloji sağlam olmalarını arzulayıram.

- Belə gözəl bilgilərlə bizləri məlumatlandırdığınız üçün çox təşəkkür edirik və hər zaman uğurlar diləyirik Sizə. 

PhD. Dr. İlahə Ağayeva

DİGƏR MƏQALƏLƏR