2222 Ürəyin MRT-si / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Müsahibə  

Ürəyin MRT-si

Ürəyin MRT-si


İnsanlar MRT müayinəsi dedikdə çox vaxt baş və onurğa beyin müayinələri başa düşürlər. Lakin bir çox ürək xəstəliklərində məhz ürəyin də, MRT müayinəsi aparılır. Bəs ürəyin MRT-si bizə nə verir və nə zaman tətbiq olunur? Bütün bu sualları həkim kardioloq PhD. Dr. İlahə Ağayeva MedProInfo.com-a olan müsahibəsində ətraflı məlumat verdi.

Ürəyin MRT müayinəsi- yəni maqnit rezonans tomoqrafiyası kardiologiyada tətbiq olunan ən son qeyri-invaziv müayinə metodudur. Bu müayinə vasitəsilə ürək-damar sisteminin funksional vəziyyəti və quruluş strukturu dəyərləndirilir. Bu müayinə vasitəsilə xəstənin bədəninə heç bir cihaz daxil olmadan, heç perkutan girişim aparılmadan ürəyin müayinəsi aparılır. Kardiak MRT vasitəsilə miokard işemiyası və canlılığının qiymətləndirilməsi, kardiomiopatiyalar, miokardit, dəmir yüklənməsi, damar xəstəlikləri və anadangəlmə ürək qüsurlarının vaxtında və düzgün diaqnozu qoyulur. Həmçinin kompleks anadangəlmə ürək qüsurlarının diaqnozu və cərrahi planlaşdırılması üçün də, qızıl standart sayılır. Müayinənin dəqiqliyi isə 99%-dir. Digər kardioloji müayinələr olan komputer tomografiya (CT), angioqrafiya, PET müayinələrindən fəqli olaraq insan orqanizmi üçün tamamilə ziyansızdır, hamilə qadınlar və uşaqlara da, tam güvənilir şəkildə tətbiq oluna bilər.

- Bəs kardiak MRT müayinəsindən insanlar özləri istədikləri zaman keçə bilərlərmi?

- Öncə onu qeyd edim ki, kardiak MRT müayinəsinə göstərişin olub-olmamasını mütləq sürətdə həkim-kardioloq müəyyənləşdirməlidir. Çünki xüsusi əkş göstərişlər ola bilər. Məsələn, şiddətli klostrofobiyası olan, yəni qapalı məkan qorxusu olan və cihaza girməyi qəbul etməyən xəstələrə bu müayinə tətbiq olunmur və ya yüngül sedasiya (yatızdırma ) yolu ilə icra edilir. Bundan əlavə, böyrək çatışmazlığı olan xəstələrin qan testlərindəki karbamid və kreatinin dəyərləri müəyyən bir səviyyədən yuxarıdırsa, bu xəstələr əvvəlcədən həkimləri tərəfindən qiymətləndirilməlidir. Ümumən MRT qaydaları məhz ürək MRT-si üçün də, tətbiq olunur. Belə ki, xəstədə bədənin hər hansı bir yerində metal protez və ya maqnit rezonans ilə uyğun olmayan bir metal hissəciklər varsa, müayinə tövsiyə edilmir. Həmçinin kardiostimulyatorlar və ya metal qapaqlar varsa, MRT müayinələri ilə uyumlu olmalıdır. Prosedura qərar verməzdən əvvəl xəstədən bədənin digər hissələrində protez qapaq, batareya və ya metal protez olub-olmadığı mütləq soruşulmalıdır. Bundan əlavə, pirsinq, sırğa, üzük və s. kimi, metalların olmaması məsləhətdir.


- Bəs ürəyində stent olan xəstələr MRT müayinəsi oluna bilərmi ?

- Son illərdə ürək damarlarına qoyulmuş metal stentlər müxtəlif metallardan hazırlanır: paslanmayan polad, kobalt, karbon, tantal, qızıl. Bu metalların maqnitdən təsirlənmə qabiliyyəti (ferromaqnit xassəsi) ya yoxdur, ya da çox aşağıdır. Bu səbəbdən metal stentlər (normal və ya dərmanlı -DES ) MRT müayinələrində əhəmiyyətli bir dezavantaj yaratmır. Koronar stent qoyulduqdan 4-8 həftə sonra ümumiyyətlə MRT müayinələrinin aparılması tövsiyə olunsa da, MRT müayinəsinin stent vurulduqdan bir neçə gün sonra da, təhlükəsiz şəkildə aparıla biləcəyi bizlərə məlumdur. Müasir periferik (ayaqlarda istifadə olunur) stentlər də bu baxımdan təhlükəli deyil.
Həmçinin aorta anevrizmalarının müalicəsində istifadə olunan aortada yerləşdirilən stentlərin əksəriyyəti (qarın -EVAR və ya sinə -TEVAR bölgəsi) maqnitdən təsirlənmə (ferromaqnit xüsusiyyəti) qabiliyyəti çox azdır. Lakin bəzi növlər ferromaqnitdir və MRT zamanı problem yarada bilər. Buna görə də gərəkərsə, istehsalçıdan və ya həkimdən istifadə olunan stentin MR ilə uyğun olub-olmadığı soruşulmalıdır.

- Bəs protez qapaqları olanlar necə?

- Ürək cərrahiyyəsində qapaqların dəyişdirilməsinə ehtiyac olduğu zaman çox vaxt metal və ya bioloji protez qapaqlardan istifadə olunur. Protez klapanlarda material olaraq metal, polimer və karbondan istifadə olunur. Davamlılıq və uyğunluq baxımından üstünlük verilən metallar; titan, kobalt və xrom, nikel ərintiləri, molibden, volfram, alüminium və vanadiumdur. Metal klapanlarda MRT müayinələri nəticəsində maqnit sahəsinin qapaqlar üzərində yatardığı təsir qüvvəsi, ürəyin yığılıması zamanı qapaqlarda yaratdığı qüvvədən azdır. Bu səbəbdən protez ürək klapanları (metal və ya bioprotez) MR müayinələri üçün o qədər də, maneə təşkil etmir.
Eyni zamanda ürəkdəki ASD, PFO qapatma (okkluder) -çətir də deyilir və s. kimi cihazlar ürəkdəki patoloji dəliklərin bağlanması üçün istifadə olunur. Bu okkluderlərin bir çoxu titan və nitinol kimi maqnit olmayan materiallardan hazırlanır və onlarda MRT təhlükəsiz şəkildə həyata keçirilə bilər. Ancaq bir neçəsi maqnit sahəsindən zəif təsirlənən paslanmayan poladdan hazırlanır. Paslanmayan poladdan hazırlanmış cihaz qoyulursa, yerləşdirildikdən 6 həftə sonra MRT müayinələrinin aparılması məsləhət görülür

- Bilirik ki, hamiləlik zamanı bir çox müayinələr dölə mənfi təsir edir. Bəs MRT müayinəsi necə?

- Doğrudur ki, hamiləlik zamanı çox az sayda müayinə var ki, tətbiq oluna bilir. Kardiak MRT məhz zərərsiz, təhlükəsiz və ağrısız olması baxımından avantajlı sayılır.

- Müayinə müddəti barədə nə deyə bilərsiniz, uzun sürən prosedurdurmu?

- Müayinədən öncəki periodda yuxarıda qeyd etdiyim kimi əvvəlcə xəstələrdən ətraflı bir xəstəlik tarixi götürülür. Xəstənin böyrək funksiyaları, allergik xəstəliklər, kardiostimulyator, bədəndə metal olub olmadığı və hamiləlik vəziyyəti haqqında ətraflı məlumat əldə edilir. Xəstənin prosedura hazırlıq mərhələsində ən azı 4-5 saat ac qalması gərəkir. Toplam müayinə müddəti isə təxminən 50-60 dəq davam edir. Prosedurdan sonra diqqət tələb edən xüsusi heç bir məqam yoxdur. Xəstə müayinədən dərhal sonra gündəlik həyatına davam edə bilir.

- Ümumiyyətlə müayinənin hər hansı bir yan təsiri varmı?

- Xeyr, öncədən aparılan təhlil və həkim rəyinə əsasən aparılan MRT müayinəsinin heç bir əlavə yan təsiri yoxdur.

- Yekun olaraq pasientlərinizə nə kimi sözününüz var?

- Son olaraq onu qeyd edə bilərəm ki, insanlar hər hansı bir kardioloji müayinə və ya prosedur keçməzdən öncə mütəq sürətdə mütəxəssislə məsləhətləşsinlər, uyğun tövsiyyə və göstərişlərə əməl etsinlər. Bizim məqsədimiz sizlərin kardioloji sağlamlığınızı təmin etməkdir!

PhD. Dr. İlahə Ağayeva

DİGƏR MƏQALƏLƏR