Qeydiyyat
MEDXƏBƏR

Milli Onkologiya Mərkəzində lll Bakı Endoskopik Forumu keçirilib

Milli Onkologiya Mərkəzində lll Bakı Endoskopik Forumu keçirilib

Noyabrın 9-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) “OLYMPUS “ firmasının və Azərbaycan “Onkoloqlar” cəmiyyətinin dəstəyi ilə “III Bakı Endoskopik Forumu “ keçirildi. Forumda Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahları və pediatrları iştirak ediblər.

Forumu açan Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev bildirib ki, bu tədbir Azərbaycanda üçüncü ildir keçirilir. Ötən ilin oktyabrında Milli Onkologiya Mərkəzində uğurla təşkil edilmiş II Bakı Endoskopik Forumu nəinki ölkəmizdə, hətta onun hüdudlarından uzaqlarda da böyük marağa səbəb olmuşdu. Bu məqsədlə MEDVOYAGE MİCE şirkətinin təşkilatı dəstəyi ilə Milli Onkologiya Mərkəzində keçirilən məruzələr, müzakirələr və əməliyyatlar telekörpü vasitəsilə Mərkəzi Klinika Gəncə Xəstəxanasının akt zalında Gəncə və ətraf rayonlardan olan həkimlər üçün canlı nümayiş etdirildi.

Tədbirdə Rusiyanın, Ukraynanın, Belarusun, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri dinlənildi və elmi fikir mübadiləsi aparıldı. Mulyajlar üzərində mütəxəssis-moderatorlar tərəfindən keçirilmiş endoskopik təlimlər və əməliyyatların canlı nümayişi iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 16 kredit vahidi alıb.

Forumun sonunda iştirakçı həkim və mütəxəssislərə müvafiq sertifikatlar təqdim edilib